Bu gün bəşəriyyəti ən çox narahat edən məsələlərdən biri də ətraf mühit problemidir. Bu problemə qarşı mübarizəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Prezidentin bununla bağlı sərəncamı Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.
27 avqust 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq kitabxanasında uşaq və yeniyetmələr arasında “Yaşıl dünyamızı qoruyaq!” adlı rəy sorğusu keçirilib. Oxucularla keçirilən rəy sorğusunda “Ekoloji problemlər hansılardır?”, “İqlim dəyişmələrini yaradan əsas səbəblər hansıdır?”, “Təbiət deyəndə nə başa düşülür?”, “Beynəlxalq İqlim Günü nə vaxtdır?” və s. olmaqla ümumilikdə 12 sual təqdim edilib.
Sorğuda 30-a yaxın oxucu iştirak edib. Rəy sorğusunda iştirak edən oxucuların 70%-i “Təbiətə zərər vurmamaq üçün nə etmək olar?” sualına “Xüsusi tədbirlər görülməli, ətrafı tullantılar ilə zibilləməməli, bitkilərə zərər vurmamalı, meşələri məhv etməməli, onların yerinə tikililər tikməməliyik” kimi fikirlər yazaraq cavablarını tam və dolğun şəkildə ifadə ediblər. Hər bir rəy sorğusunun yekununda kitabxananın əməkdaşı tərəfindən uşaqlara sualların düzgün cavabları, habelə, təbiəti qorumaqla bağlı maarifləndirici məlumatlar verilib və oxucular kitabxanada təşkil olunan “Təbiəti sevək, qoruyaq!” adlı kitab sərgisi ilə tanış olublar.