18 sentyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “18 Sentyabr - Milli Musiqi Günü” münasibəti ilə kitab sərgisi açılıb.
1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Azərbaycan xalqı çox qədim musiqi sənətinə malik bir xalqdır. Musiqimizin inkişafında dünya şöhrətli bəstəkarımız Üzeyir bəy Hacıbəylinin rolu çox böyükdür. Elə ki, onun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. Milli Musiqi Gününün qeyd olunması da məhz Ü.Hacıbəylinin adı ilə bağlıdır.
Kitabxananın əməkdaşı şagirdlərə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası, eləcə də, müəllifin həyat və yaradıcılığı haqqında məlumatlar səsləndirib və qeyd edib ki, “Musiqimizin dünya səviyyəsində tanınmasında Üzeyir bəy Hacıbəyli kimi bir şəxsiyyətin nailiyyətləri danılmazdır. Bəstəkar sadəcə ölkəmizdə deyil, eyni zamanda bütün yaxın şərqdə operanın əsasını qoymuşdur. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Çünki Azərbaycan xalqı Üzeyir bəy Hacıbəylini əbədi olaraq ürəyində yaşadır və yaşadacaq.”