18 may tarixində Respublika Uşaq Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Kitabxana işinin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda Respublika kitabxanalararası elmi - nəzəri konfrans keçirilib.
Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir. Müstəqilliyimizin ilk illərində kitabxanaların normal yaşayıb fəaliyyət göstərməsi üçün normativ-hüquqi bazanın formalaşdırılması, genişmiqyaslı özəlləşdirmə proqramı çərçivəsində kitabxana binalarının zəbt olunması və qiymətli kitab fondlarının məhv olmaq təhlükəsindən xilas edilməsi kimi taleyüklü məsələlərin həllində Heydər Əliyevin xüsusi xidmətləri vardır.
Tədbir Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş edilib. Sonra isə Respublika Uşaq Kitabxanasının elmi katibi tərəfindən hazırlanmış "Kitabxana işinin inkişafında Heydər Əliyev irsinin rolu" adlı E-malumat bazasının taqdimatı keçirilib. Daha sonra isə mövzu ətrafında çıxışlar başlayıb.
İlk olaraq BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan çıxış edib. Həmçinin Sənəd menecmenti kafedrasının müdiri İsmayılov Nadir, Kitabxanaşünaslıq kafedrasının baş müəllimi Məmmədov Eldəniz "Ulu Öndər Heydər Əliyev tarixi yaddaşda"; Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Ümumi şöbəsinin kitabxanaçısı Novruzova Azadə "Heydər Əliyev və Azərbaycanda insan hüquqları üzrə kitabxana- informasiya sisteminin inkişafi"; dosent Sadıqova Solmaz; Azərbaycan Milli Kitabxanasının elmi işçisi "Heydər Əliyev Milli Kitabxananın tarixindǝ"; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi “Kitabxana-informasiya fəaliyyəti sistemində Heydər Əliyevin multikulturalizm siyasətinin əsas məsələləri"; AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Nadir kitablar və qiymətli nəşrlər fondunun şöbə müdiri "Kitabxanaların elektronlaşdırılması rəqəmsal cəmiyyətin tələbidir"; Ada Universiteti Kitabxana və informasiya xidmətləri şöbəsinin müdiri Elçin Məmmədov; Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”; BDU-nun Sənəd menecmenti kafedrasının magistrantları “Azərbaycanda kitabxana-informasiya fəaliyyətinin inkişafında Heydər Əliyev mərhələsi" mövzusunda çıxış ediblər.
Sonda isə Respublika Uşaq Kitabxanasının direktoru Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsi haqqında sərəncam imzalanması, bununla dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradılması barədə məlumat verərək, konfrans iştirakçılarına təşəkkür edib.
Tədbirin sonunda qonaqlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən kitab və rəsmlərindən ibarət sərgi ilə tanış olub, xatirə şəkilləri çəkilib.