6 iyun tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Məktəb Lisey Kompleksi ilə Astraxan Dövlət Universiteti arasında video görüş təşkil edilib. Görüş rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas nəzəriyyəçisi, tarixçi, puplisist, 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biri A.S.Puşkinin anadan olmasının 224-cü ildönümünə həsr olunub.
Onlayn video görüşdə MDB ölkələrindən dəvət olunan özbək, qazax, türkmən və s. rus bölmələrində təhsil alan yeniyetmələr iştirak edib. Tədbirdən öncə oxucular A.S.Puşkinin həyat və yaradıcılığına həsr olunmuş virtual kitab sərgisi ilə tanış olublar. Tədbir dahi rus şairinin doğum günü ilə əlaqədar Rusiya Federasiyasının ölkəmizdəki İnformasiya Mədəniyyət Mərkəzi və "Sodrujestvo" Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, həmçinin, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoyması qeyd edilib.
Bakı Slavyan Universiteti nəzdində təhsil alan şagirdlərlə rus ədəbi mühitinin görkəmli simalarının yubiley günlərinin qeyd edilməsi ənənəyə çevrilib. Ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolu, onun dünya ədəbiyyatına verdiyi töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, rus ədəbiyyatına zəngin töhfələr vermiş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub və Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub. Tədbirdə çıxış edən uşaqlar şairin şeirlərindən, poemalarından parçalar ifa edib, nağıllarından kompozisiyalar təqdim ediblər.