9-10 mart tarixlərində Respublika Uşaq Kitabxanasında 7 saylı orta məktəb şagirdlərinin və kiçik yaş qrup oxucuların iştirakı ilə “Novruz atributları ” adlı masterclass dərsləri keçirilib.
Novruz bayramı xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər.
Masterclass dərslərində şagirdlərin sulu boya, quaş və karandaşlarla çəkdikləri rəsmlər nümayiş olunub. Baharın ən gözəl çağlarını öz fırçalarında ağ vərəqlərə köçürən oxucular, bu gözəlliyi sanki fırçalar yarışırmış kimi özünəməxsus formada təqdim ediblər.Təşkil olunan masterclass dərslərində uşaqlar, rəngli kağız, karton, yumurta və digər ləvazimatlar üzərində müxtəlif rəsmlər çəkərək maraqlı zaman keçirib.
Masterclass dərslərinin keçirilməsinin əsas məqsədi məktəblilərin asudə vaxtlarını, zamanlarını faydalı və əyləncəli keçirmək, həmçinin xalqımızın adət-ənənələrini yaşatmaq, şagirdlərin milli ruhda yetişdirilməsini təmin etməkdir.