Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva Respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği” şöbəsi tərəfindən Akademik Zərifə Əliyevaya həsr olunmuş “Görkəmli Şərq Qadını Zərifə Əliyeva – 100” adlı virtual sərgi, “Məlumat-biblioqrafiya” şöbəsi “Görkəmli şərq qadını Zərifə Əliyeva – 100 ” adlı daycest (Xülasə) , Elmi-metodika şöbəsi “Nəciblik və paklıq timsalı - Zərifə xanım Əliyeva” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.
Virtual sərgidə Akademik Zərifə xanım Əliyevanın əsərlərinin və ona həsr olunmuş 31 adda kitabın (Azərbaycan, rus, ingilis dilində) tammətni verilib. Daycestdə Zərifə Əliyeva haqqında Respublika Uşaq Kitabxanasının fondunda mövcud olan kitablar və dövrü mətbuat materiallarının tam mətnli siyahısı, həmçinin tanınmış şəxslər tərəfindən haqqında deyilən dəyərli fikirlərin mətnləri yer alıb. Metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Zərifə Əliyeva haqqında fikirləri yer alıb. Metodik vəsaitin I hissəsi Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edir. II hissə də isə metodik köməklik məqsədilə Zərifə Əliyevanın yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı tərtib edilib.
Təqdim edilən vəsaitlər kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub.
Vəsaitlərlə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz:
https://www.clb.az/multi-medi-a/virtual-sergi/gork-mli-s-rq-qadini-z-rif-liyeva-100