Fevralın 21-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Sabunçu rayon 215 saylı orta məktəbdə “Beynəlxalq Ana Dili Günü” və Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Ana dilimiz milli sərvətimizdir” adlı ədəbi-bədii kompozisiya, “Ulu Öndər Heydər Əliyev irsini yaşadırıq” adlı şeir müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin müəllimi açaraq, Azərbaycan dilinin yaranma tarixi, inkişafı barədə geniş məlumat verib. Ana dilimizin insanların həyatındakı rolundan, Ulu Öndər Heydər Əliyevin Ana dilimizə verdiyi dəyərli töhfələrdən danışıb. Şagirdlərin ana dili mövzusunda rəngarəng çıxışları, o cümlədən söylədikləri şeirlər, oxuduqları mahnılar böyük maraqla qarşılanıb. Sonda “Ulu Öndər Heydər Əliyev irsini yaşadırıq” adlı şeir müsabiqəsində fərqlənən şagirdlərə sertifikat təqdim edilib.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.
Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.