“2 Mart Ümumdünya Ucadan Oxu Günü” ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaqların sevimlisi, yazıçı Gülzar İbrahimova ilə görüş keçirilib. Ucadan Oxu Günü Söz, Kitab, Mütaliə bayramıdır. Bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq imkanı kimi göstərməkdir. Son illər Ümumdünya Ucadan Oxu Günü 80-dən çox ölkədə qeyd olunur.
Qeyd edək ki, Gülzar nənə “Sehirli dünya” jurnalının baş redaktoru, 65 dən çox kitabın və 44 elektron kitabın müəllifidir. Onun “Dünyanın ən güclüsü”, “Tənbəlin nağılı”, “Tülkü balası”, “Su pərisi”, “Od xəzinəsi”, “Göy qurşağı qardaşlarının yeddi nağılı”, “Sehrli nağıllar”, “Dəniz balası”, “Dəhşətli nağıl”, “Göydə neçə ulduz var” və digər kitablarında müxtəlif mövzulu nağıllar və şeirlər toplanıb. Görüş zamanı Gülzar İbrahimova şagirdlərə mütailə etməyin gələcək həyatlarında olan faydalarından bəhs edib. O, balacalara bir-birindən maraqlı şeirlər, nağıllar səsləndirib, onların marağına səbəb olan sualları cavablandırıb. Görüşün sonunda yazar məktəbin kitabxanasına “Sehrli qız” kitabını hədiyyə edib və xatirə fotosu çəkilib.