Azərbaycan Respublikası Prezidentinin İstiqlal şairi "Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında" 20 aprel 2022-ci il tarixli sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində 19 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Y. Kovalyov adına 229 nömrəli tam orta məktəbin tərəfdaşlığı ilə “Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində “Əzilsəm də susmaram!” adlı tədbir baş tutdu.
İlk öncə qonaqlar Yuri Kovalyov adına 229 saylı orta məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin qarşısına gül qoydular və onların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir məktəbin akt zalında 33 saylı musiqi məktəbinin xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başladı.
Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan bütöv şəxsiyyət, təkrarsız pedaqoq, yüksək səviyyəli ziyalı, inqilabçı, ictimai xadim, iti qələmli jurnalist, qüdrətli publisist, məhşur xeyriyyəçi Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbirdə,* şagirdlərin təqdimatında onun həyat və yaradıcılığını özündə ehtiva edən kompozisiyalar və bilik yarışması təqdim edildi.
Ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi, ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur.
Bu baxımdan tədbirin keçirilməsində əsas məqsəd gənc nəsildə milli-mədəni irsə qayğı və mənəvi dəyərlərə ehtiram hissinin aşılanması, Azərbaycan ədəbiyyatı tarixində diqqətə layiq yer tutan ədiblərimizin həyat və yaradıcılığının tanıdılmasıdır.
Tədbirdə ədibin nəvəsi Almaz Axundzadə, nəticəsi Cavad Axundzadə, Mədəniyyət Nazirliyinin nümayəndələri İslam Hüseynov, Kamran Musayev, Bakı şəhər Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərzadə, BŞTİ İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elm ikatibi Aygün Bağırlı, filologiya elmləri doktoru prof. Lütviyyə Əsgərzadə, Filologiya üzrə fəlsəfə doktoru dosent Fidan Abdurəhmanova, MİSSİYA MEDİA Qrupunun rəhbəri Nicat Dağlar, Nizami rayonunun İH nümayəndəsi, məktəb rəhbərləri və bir çox qonaqlar iştirak etdi.
Bilik yarışmasından sonra çıxış edən qonaqlar Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verməklə yanaşı, layihə haqqında da öz müsbət fikirlərini bildirdilər. Sonda müsabiqədə iştirak edən şagirdlər – I, II, III yer olmaqla diplom və kitablarla mükafatlandırıldılar. I yerin qalibi Mirzəyev Əliyə Əhməd Cavadın əksi olan kiçik ölçülü xalça hədiyyə edildi. Qeyd edək ki, kompozisiya və bilik yarışmasının iştirakçıları rus bölməsinin yuxarı sinif şagirdləri idi.