13 yanvar tarixində Respublika Uşaq Kitabxanasında yazıçı Solmaz Amanova ilə Y.Kovalyov adına 229 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin görüşü keçirildi.
Məktəblilər kitabxananı ekskursiya etdikdən sonra böyük oxu zalında sevimli uşaq yazarı Solmaz Amanova ilə qörüşdülər.
Görüş çərçivəsində Solmaz Amanova yaradıcılığı, İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları”, “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kitabları haqqında ətraflı məlumat verdi. Yazar Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirən “İnsan iz qoyur” kitabından danışaraq məktəblilərin suallarını cavablandırdı. Sonda uşaqlar əl-ələ tutaraq S.Amanovanın sözlərinə və musiqisinə bəstələnmiş mahnını ifa etdilər.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini aşılamaqdır.
Görüş xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.