Respublika Uşaq Kitabxanası fondunu yeni nəşrlərlə komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edir.
Müsabiqəsinin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni, kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.
Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 15 nüsxə alınacaq.
İştirakçılar tərəfindən nəşrlər 31.10.2022-ci il tarixinədək komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilməyəcək.
Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.
Məzmun və poliqrafik baxımından qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha cox cildi olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.
Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.
Müsabiqədə iştirak qaydaları
Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşqul olan poliqrafiya müassisələri, digər hüquqi şəxslər və müəlliflər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.
17.10. 2022-ci il tarixindən iştirakçılar tərəfindən komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə F.Köçərli adına Respublika Uşaq Kitabxanasına (Nəsimi rayonu, S.Vurğun 88) təqdim edilməlidir.
Müsabiqəyə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir.
Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınması qaydası
Müsabiqə başa çatdıqdan sonra komissiya tərəfindən 5 gün müddətində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərarlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.
Təqdim olunmuş yekun protokola əsasən, nəşrlərin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanır. Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.
İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5.0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.
Məlumat üçün bildiririk ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.