25 may tarixində Bakı şəhərinin, Suraxanı rayonundakı 226 saylı tam orta məktəbdə Azərbaycanın xalq şairi Vahid Əzizin “Param-parça illər...” kitabının təqdimatı keçirildi. Təqdimatda Suraxanı Rayon İcra Hakimiyytinin başçısı Əziz Əzizov, Suraxanı Rayon YAP sədri Vüqar Seyidov, RİH başçısının müavini Könül Axundova, məktəbin şəhid məzunu Nazim Kirxlarovun anası Sultanxanım Kirxlarova, Vətən müharibəsi qazisi, məktəbin məzunu Ülvi Hüseynov, F.Köçərli adına Respublika Uşaq kitabaxanasının direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktor müavini, əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova, şagirdlər, valideynlər və pedaqoji kollektiv iştirak edirdi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin aparıcıları, - “Bundan sonra Qarabağım daha şaqraq güləcək, Bütün dünya, nurlu cahan - “Azərbaycan” deyəcək...” , - misralarını söyləyən, sevimli şairimiz Vahid Əzizin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu və şeirlərinin öz məzmununa görə sevildiyini diqqətə çatdırdılar. Tədbirdə çıxış edənlər bildirdilər ki, Xalq şairi Vahid Əzizin Dövlət mükafatına layiq görülən "Param-parça illər..." (Azərnəşr, 2021) kitabına toplanmış şeiriləri bir daha mənsub olduğu millətin belə vətənpərvər söz ustalarından biri olduğunu sübut edir. Azərbaycanın üzərini qara buludların almağa başladığı ilk illərdən - keçən əsrin 80-ci illərinin sonlarından zəfərin qürurunu doya-doya yaşadığımız günlərə qədər xalqımızın keçirdiyi hisslərin müfəssəl poetik salnaməsi olan kitab zəfər nəğmələrilə başlayır.
Kitabda Vətən müharibəsi günlərindəki Azərbaycan-Türkiyə həmrəyliyi, bu dostluğun, həmrəyliyin simvoluna çevrilən Şuşa yalnız böyük məhəbbətlə tərənnüm olunmur, eyni zamanda haqlı olaraq zəfərin silinməz atributları kimi təqdim edilir. Harda Vətən uğrunda döyüşlər gedirsə, orda şəhidlər var. Və "Param-parça illər"in bir çox şeiri Vətən müharibəsi şəhidlərinin heç zaman unudulmayacaq obrazlarını bütün ruhsal təfərrüatı ilə yaratdığına görə də dəyərlidir.
Tədbirdə məktəblilər "Düşmənin", "Gedir", "Qanımda", "Sabah", "Getdi", "Yalnız irəliyə, yalnız irəli", "Biriydik", "Ordu", "Qarabağda", "Tanrı qoru Azərbaycan ordusunu", "Vətən sağ olsun" və s. şeirləri ifa etdilər.
Xalq şairi məktəbliləri maraqlandıran sualları cavablandırdı, yaradıcılığından bir neçə şeirlər səsləndirdi və belə bir görürüşün təşkil edildiyinə və onun yaradıcılığına göstərilən diqqətə görə məktəb rəhbərliyinə öz minnətdarlığını bildirdi. Görüşün sonunda məktəbin direktoru Arzu Məmmədova şairə belə bir görüşün keçirilməsinə verdiyi töhfəyə görə görüş iştirakçıları adından təşəkkürünü bildirdi, oğlu - şəhid Əlihüseyn Məmmədova həsr olunmuş kitabı təqdim etdi. Tədbir xalq şairi Vahid Əziz və poeziya vurğunları tərəfindən böyük maraq və rəğbətlə qarşılandı, xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.