3 mart tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Binəqədi rayonu 177 saylı uşaq bağçası ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Ana nurlu həyatdır” adlı tədbir keçirdi. Bağçanın metodisti və kitabxananın əməkdaşı çıxışlarında qeyd etdilər ki, qadın, ana-sabaha, gələcəyə açılan pəncərədir. İnsan cəmiyyətinin əsasını o qoyur. Qadın dünyanı sevmək, yaşatmaq üçün yaranmışdır. Ulu tanrı ən gözəl adı -Ana adını qadına vermişdir. Bununla da o, bəşər övladını ona hörmət etməyə, onu şərəfləndirməyə çağırmışdır. Doğrudan da ana olmasa nə baş verər? Axı dünya onunla gözəldir. Bizi dünyaya gətirən, bizi bir–birimizə sevdirən anadır, qadındır. O, sülh səadət rəmzidir.
Sonra tədbir 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə uşaqların ifasında “Üç ana”, “Ana laylası”, “Kim anasını səsindən tanıyar”, “Cənnət anaların ayağı altındadır” adlı səhnəciklər, M. Dilbazinin “Ana”, “Mənim nənəm”, Teymur Elçinin “Can nənəm” şeirləri ilə davam etdi. Tədbirin sonunda körpə fidanlar O. Zülfüqarovun “Anamı incitmirəm”, “Dəcəllik eləmirəm”, R.Şəfiqənin “Mənim anam”, O.Rəcəbovun “Qocalma nənə” mahnılarını böyük həvəslə ifa edib, bəstəkar Arif Məlikova aid olan “Güllər” musiqisinin sədaları altında rəqs edərək tədbir iştirakçılarını təbrik etdilər.
Tədbirin keçirilməsində məqsəd kiçik yaşlı uşaqlarda bədii zövqü, estetik və musiqi mədəniyyətini, təfəkkür və təxəyyülü inkişaf etdirməklə bərabər, həm də onlarda vətəndaşlıq kimi hisslərin, mənəvi keyfiyyətlərin formalaşmasıdır.