18 yanvar “Kaspi -Ağ şəhər” liseyi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində “20 Yanvar - Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir təşkil olundu. Tədbirin rəsmi hissəsində ulu öndər Heydər Əliyev və 20 Yanvar hadisələri ilə bağlı videoçarx izlənildi.
Daha sonra həmin günün canlı şahidi olan, “Komsomolun 40 illiyi adına” gəminin kapitanı Kərəm Məmmədov çıxışında dənizçilərin birliyindən, xalqa dəstəyindən tədbir iştirakçilarına bəhs etdi. Digər çıxış edənlər məktəblilərə müstəqillik və azadlıq yolunda mücadilələri heç zaman unutmamağı tövsiyə etdilər. Tədbirin bədii hissəsində şagirdlər tərəfindən Şuşadan Bakıya uçan təyyarədə baş verən görüş səhnəciyi nümayiş olundu. Sonra liseyin xor kollektivi “Ulu Vətən” mahnısını ifa etdi, “Gənc oxucular” dərnəyinin üzvləri şəhidlərə həsr olunmuş şeirlər söylədi, bədii kompozisiya təqdim etdilər.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və yeniyetmələrdə milli mənəvi hisslərin daha yüksək şəkildə dəyərləndirilməsidir.
Sonda tədbir iştirakçıları ilə bərabər xatirə şəkilləri çəkildi.