F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının qonağı yazıçı, tərcüməçi, şair, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar ilə oxucular arasında görüş keçirildi.
Görüş Respublika Uşaq Kitabxanasının Instagram sosial şəbəkəsi üzərindən baş tutdu.
Oxuculara yazarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən kitabxananın əməkdaşı Ceyran Cəfərli həm də yazara mövzu ətrafında suallarla müraciət etdi.
Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının tərcümələri, əsərləri ilə tanışlığa şərait yaratmaqla oxucuların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
“Qonağım ol” rubrikası əsasında reallaşan görüş çərçivəsində, yazar Firudin bəy Köçərli haqqında, ilk kitabı olan – “Çiğdemleri solan bozkır” kitabının əvvəlində valideynlərinə həsr etdiyi yazısından, eləcə də ata və anasının İmdat Avşarın imzasını təstiq etmiş biri kimi düşüncələrinin, fikirlərinin formalaşmasındakı əvəzsiz xidmətlərindən, anasına həsr etdiyi “Anamın saatları” hekayəsindən, Türk dünyasının müqəddəs ocaqlarından sayılan TÜRK ƏDƏBİYYATI Vəqfindən, yazarı müəllim obrazında gördüyümüz “Durna çırağı”, “Soyuq röya”, “Şahnaz xanım kolleci”, “Həmdi kirvə”, “Ağacdan atlar”, “İçindən söyən uşaq”, “Türbənin dəlisi” kimi hekayələrindən, uşaqlara həsr etdiyi əsərlərindən olan “Möhtərəm” adlı hekayəsindən geniş bəhs etdi.
Yazar canlı yayıma qatılan oxucuların suallarına ətraflı cavab verdi.
Görüş zamanı Azərbaycan ilə Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərindən də söhbət açıldı. Yazar Qarabağ mövzusunun yaradıcılığında ayrı və xüsusi yer tutduğunu vurğulayaraq, Qarabağa həsr etdiyi “Tanrı Türkü qorusun!” şeirindən , “Qarabağ qaçqınları” və “Xocalıda qalan tar” hekayələrindən, eləcə də “Qarabağ hekayələri” kitabından danışdı.
Görüşün sonunda kitabxananın əməkdaşı Ceyran Cəfərli kitabxana adından yazara maraqlı görüş üçün təşəkkür edərək, həm baş redaktor fəaliyyətində, həm bədii yaradıcılığında uğurlar arzuladı.
Qeyd edək ki, İmdat bəyin təltif olunduğu mükafatlar sırasında Azərbaycanla bağlı ödüllərin sayının çoxluğu yaradıcılığının böyük bir hissəsini Azərbaycan ədəbiyyatına həsr etməsindən qaynaqlanır. Mirzə Fətəlidən, Mirzə Cəlildən üzübəri tərcümə edə-edə gəldiyi və bu gün sevə-sevə təbliğ etdiyi Azərbaycan ədəbiyyatının ən doğması, fədakar dostu İmdat Avşarın yaxından təşəbbüsü ilə bu il həm də “Türk ədəbiyyatı” dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunacaqdır. Bütün bu məqamlar “dildə və düşüncədə bir olan” iki qardaş dövlətin bütövlüyü ideyasının mədəni istiqamətdə daha aydın təzahürünü göstərməkdədir.