F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Qonağım ol” layihəsinin ilk qonağı Azərbaycan yazıçılar birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, yazıçı Reyhan Yusifqızı ilə oxucular arasında virtual görüş keçirildi.
Layihənin həyata keçirilməsində əsas məqsəd uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara sevdirmək, oxu vərdişilərini artırmaq, kitab və kitabxanaların rolunu onların hərtərəfli inkişafındakı əhəmiyyətini bir daha vurğulamaqdır.
Onlayn görüş kitabxananın instaqram sosial şəbəkəsi vasitəsi ilə baş tutdu.
Oxucular canlı yayıma qatılaraq yazıçı Reyhan Yusifqızı ilə maraqlı diskussiyada iştirak etdilər. Görüş çərçivəsində Reyhan Yusifqızı ilə həmsöhbət olan oxucuların bütün sualları yazıçı tərəfindən cavablandırıldı. Yazıçı Reyhan Yusifqızı ən sevilən kitabları haqqında oxucuları məlumatlandırdı.