F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının qonağı gənc yazıçı, jurnalist Şahanə Müşfiq oldu.
Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla oxucuların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
Görüş çərçivəsində, oxucular, canlı yayım üzərindən gənc yazıçı, jurnalist Şahanə Müşfiq ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə etdilər. Gənc yazar görüş zamanı həyat və fəaliyyəti, “Qaranlıqlar günəşi”, “Şahanənin nağılı” və yeni işıq üzü görənpovest və hekayələrdən ibarət “Hərənin öz romanı”adlı kitabları, əsərləri haqqında ətraflı məlumat verdi. Həmçinin, işğaldan azad olmuş Qarabağ torpaqlarına səfərlərindən geniş bəhs etdi. Şahanə Müşfiq canlı yayıma qoşulan izləyicilərin “Jurnalist olaraq dünyanın hansı bölgəsində olub, orda gördüklərinizi yazıçı olaraq işıqlandırmaq istəyərdiniz”, “Kitab oxumaq həyatda sizə nələri qazandırdı”, “Dünyaya barış, sülh, xeyirxahlıq gətirmək üçün nə lazımdır”, “Hansı jurnalist sizin üçün örnəkdir”, “Jurnalist olmaq çətindir yoxsa yazıçı“, “İşğaldan azad olan bölgələrə səfəriniz zamanı sizə ən çox təsir edən nə oldu”, “Vətənpərvərlik mövzusunda yazdığınız yazılardan hansı sizə daha doğmadır“, “Ağdama, Zəngilana, Cəbrayıla ayaq basanda hansı hissləri keçirdiniz” kimi müxtəlif sualları cavablandırdı.
Canlı yayıma qoşulan oxucular gənc yazıçı, jurnalist Şahanə Müşfiqə təşəkkür etdilər.
Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşdı.