08 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə, Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair və mütəffəkir, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festival çərçivəsində “Nizami və musiqi dünyası” adlı musiqi günü keçirildi.
Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin ən qiymətli inciləridir.
Festival çərçivəsində keçirilən musiqi günü Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında reallaşdı.
Tədbirdə Baki Xoreoqrafiya Akademiyasının məktəbi, Cövdət Hacıyev adına 3, Rauf Hacıyev adına 15, M.Maqomayev adına 26 və 24 №li onbirillik musiqi məktəblərinin, Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri, Milli Konservatoriyanın 1-ci kurs tələbələri iştirak etdilər.
Tədbir çərçivəsində məktəblilərin ifasında Q.Qarayev Yeddi gözəl baletindən “Aişənin rəqsi”, Üzeyir Hacıbəyli "Sevgili Canan" , “Leyli və Məcnun” rəqsi, Q.Qarayev “Yeddi gözəl” baletindən vals, Nizami Gəncəvi “Qəzəllər” Muğamı, “Oyanmış miniatürlar” rəqsi, F.Əmirov “Güllüm” və s. musiqi nömrələri təqdim olundu.
Tədbirdə Azərbaycan Respublikası Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, KİV nümayəndələri, Əməkdar artist Firuz Səxavət, məktəblilər və valideyinlər iştirak etdilər.
Qeyd edək ki, Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.