Yanvarın 18-də 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Şəhərin qış gecələri” tamaşasının baxış-müzakirəsi və “Tariximizin qanlı və şanlı səhifəsi” adlı rəsm sərgisi təşkil etdi. Sərgidə nümayiş olunan 27 rəsm əsəri Qanlı Yanvar hadisələrini əks etdirirdi. Tamaşaya gələnlər öncə teatrın II mərtəbəsinin foyesində şagirdlərin çəkdikləri rəsm əsərlərinin sərgisinə baxdılar. Rəsm əsərlərində şagirdlər 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğunu bir daha vurğuladılar. Rəsm əsərləri tamaşaya gələnlər tərəfindən maraqla qarşılandı. Sonra, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan “Şəhərin qış gecələri” tamaşasına baxıldı. Tamaşanı izləyənlər bir daha əmin oldular ki, 20 yanvar hadisələrindən otuz il keçsə də, bu dəhşətli faciə unudulmayıb və tarixdə silinməz izlər qoyub. Anarın “Şəhərin qış gecələri” - bütöv millətin faciəsini bir ailənin timsalında göstərilən əsəri bədii şərtiliklə və müasir vizual vasitələrdən, sənədli kinoxroniki materiallardan istifadə edilərək səhnələşdirilmişdir. Bu tamaşa yeni nəslin həqiqətlərimizi, tariximizi doğru-dürüst öyrənməsi baxımından çox əhəmiyyətli oldu. Tamaşa uşaq və yeniyetmələr tərəfindən maraqla qarşılandı.