Fevralın 18-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Kitabxana pedaqoji mükəmməlliyin tükənməz mənbəyidir” adlı tədbir keçirildi. Tədbirdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, ümumtəhsil ocaqlarında fəaliyyət göstərən azərbaycan və rus bölməsinin müəllimləri iştirak etdilər. İlk əvvəl, kitabxananın əməkdaşı qonaqları kitabxana ilə tanış etdi, kitab sərgiləri və elektron kitabxana ilə bağlı məlumat verdi. Tədbir iştirakçıları kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Tədbirdə kitabxananın saytı göstərildi, elektron informasiya bazaları və onlardan istifadə etmək qaydaları, metodik vəsaitlər, biblioqrafiyalar, tövsiyə göstəriciləri və s. haqqında ətraflı məlumat verildi. Həmçinin, Məktəb proqramına kömək layihəsi əsasında kitabxananın sifarişi ilə çap olunan kitablar nümayiş olundu. Qeyd olundu ki, kitabxana işçiləri şagirdlərin mütaliə bacarıqlarının və mütaliə diapazonunun inkişafında, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək bacarıqlarının formalaşmasında böyük rol oynayır. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında bildirdi ki, bu gün kitabxana xüsusi olaraq məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır. Bu xidmət növündən bütün oxucular istifadə edirlər. Bu xidmətlər məlumat əldə etmək üçün tamamilə yeni imkanlar yaratmış və bir daha “məlumatı anındaca əldə etmək” deyiminin həqiqilyini açıb göstərir. Kitabxana əməkdaşları təkcə oxucu və kitab arasında birbaşa vasitəçi kimi deyil, şagirdlərin tələbatına ən çox uyğun gələn informasiyanı ona çatdıran, virtual kitabxananın reallıq olduğunu öz işi ilə sübut edən dünyagörüşlü ziyalı bir şəxs kimi fəaliyyət göstərir. Əlbəttə ki, kitabxananın informasiya-resurs mərkəzinə çevrilməsində kitabxanaçıların peşəkar mövqeyi əsas məsələdir. Ümid edirik ki, “Rus dilinin dərindən öyrənilməsi” pilot layihəsi çərçivəsində görəcəyimiz işlər və elmi metodika şöbəsinin hazırlayacağı metodiki materiallar da bu məqsədə xidmət edəcəkdir. Tədbirdə kitabxana əməkdaşları ilə müəllimlər arasında geniş fikir mübadiləsi aparıldı.