25 oktyabr tarixində Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı – Bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgisi Ucar rayonunda keçirildi. Tədbirdə uşaqların sevimli yazıçıları - Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanova, rayon ziyalıları, mədəniyyət işçiləri, müəllimlər, uşaq və yeniyetmələr iştirak edirdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə ilə bağlı məlumat verdi. Çıxışında qeyd etdi ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir, fərqlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir... Bu bir həqiqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabxananın necə mühüm rol oynadığını hamımız yaxşı bilirik. Bu gün ənənəvi kitablarla yanaşı elektron kitablardan da istifadə etmək vacibdir. Bu baxımdan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Bərpanəşr layihəsi çərçivəsində ərsəyə gətirdiyi, jest dilinə tərcümə olunmuş MP4 formatda kitab - disklər xüsusi əhəmiyyət daşıyır. Həmçinin gözdən zəif və görməyənlər üçün brayl əlifbası ilə çap olunmuş 11 adda kitablar da hər bir rayon kitabxanası üçün nəzərdə tutulmuş və hədiyyə edilmişdir. Ucar rayonunda səyyar qəbulda olan Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirə gəlmiş, kitab karvanı ilə gələn qonaqları salamlamış, karvanın kitab yükü ilə maraqlanmışdır. Sonra nazir tədbirdə çıxış edərək uşaqlarla səmimi söhbət aparmış, kitabın onların həyatında necə əhəmiyyətli olduğunu vurğulamışdır. Bildirmişdir ki, uşaqların yazıçılarla canlı təmasda olması onlar üçün çox böyük önəm daşıyır. Belə ki, kitabxanalar belə tədbirlərin keçirilməsində əsas rol oynamaqla, yazıçı ilə oxucu arasında ünsiyyət yaradır. Tədbir uşaqların ifasında sevimli yazarların şeirləri ilə davam etdi. Uşaqlar vətənə, kitaba, elmə həsr olunmuş şeirlər söylədilər. Tədbirdə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış, klassik Azərbaycan ədəbiyyatının nümayəndəsi, böyük mütəfəkkir və şair İmadəddin Nəsimi ilə bağlı bədii kompozisiya nümayiş olundu. Layihə çərçivəsində Ucar rayon MKS-nin uşaq şöbəsinə 400 kitab hədiyyə edildi. Qeyd edək ki, “3 alma” TEAS Press Nəşriyyat evinin də hər bir bölgə üçün kitab hədiyyəsi olub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib. Tədbirdə iştirak edən fəal oxuculara kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi. Qeyd edək ki, “Uşaq Kitabı Karvanı” 26 oktyabr tarixində Mingəçevir şəhərinə yola düşəcək.