Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini Respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı əsasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşasının baxış-müzakirəsini və rəsm sərgisini keçirdi. Yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın yeni səhnə versiyasının müəllifi və quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimovadır. Öncə tamaşaya gələnlər teatrın II mərtəbəsinin foyesində Palitra Art Studiyası şagirdlərinin çəkdikləri rəsm əsərlərinin sərgisinə baxdılar. Rəsm əsərlərində şagirdlər 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğunu bir daha vurğuladılar. Rəsm əsərləri tamaşaya gələnlər tərəfindən maraqla qarşılandı. Yağlı boya ilə kağız üzərində çəkilmiş əsərlərin hər birində bir tarix yaşayır. Əsərlər həm canlılığı, həm də məzmunluğu ilə diqqət çəkirdi. Qeyd edək ki, məna baxımından olduqca maraqlı olan bu əsərlər şagirdlərin incəsənət duyumundan, sənətə sevgisindən xəbər verirdi. Sərgidə 21 rəsm əsəri yer almışdı. Sərgi üç gün davam edəcək. Sərgiyə baxışdan sonra tamaşaya baxıldı. 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşada sənədli kinoxronika materiallarından, müasir səhnə texnologiyasından ustalıqla istifadə olunmuşdu. Tamaşa uşaqlar tərəfindən maraqla qarşılandı.