Mayın 10-da Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə anım tədbiri keçirildi. Tədbir, böyük siyasi lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra ümummilli liderə həsr olunmuş video slayd nümayiş olundu. Tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən geniş söhbət açdı. Qeyd etdi ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonda, tədbir iştirakçıları ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən geniş kitab sərgisi ilə tanış oldular.