03 may 2018- ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqların nağıl saatlarında əldə etdikləri biliklərini yoxlamaq məqsədi ilə “Türk dünyasının nağıl bağı” adlı kitabında toplanmış 29 türk xalqlarının nağılları əsasında növbəti “Nağıl bilicisi” yarışmasını keçirdi. 5 mərhələdən ibarət olan yarışmada 8 və 310 saylı tam orta məktəbin şagirdləri ilə yanaşı kitabxananın fəal oxucuları da iştirak edirdi. Yarışma çərçivəsində uşaqların təqdimatında “Cırtdan”, “Qaranquş və Sərçə“ nağıllarının səhnəcikləri, “Qaval” və “ Qaraca qızın rəqsi” və.s maraqlı rəqslər təqdim olundu. Yarışmada, oxunan nağıllar əsasında uşaqlara ünvanlanan suallara doğru və tam şəkildə cavab verdiyinə görə 8 saylı məktəbin 3-cü sinif şagirdi Əliyeva Selcan Xalid qızı yarışmanın qalibi seçilərək “Nağıl bilicisi” medalı ilə, digər iştirakçı uşaqlar isə hədiyyələrlə mükafatlandırıldı. Tədbirin sonunda kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqlara, valideynlərə, müəllimlərə tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür etdi. Mütaliənin uşaqların dünyagörüşünün formalaşmasında böyük rol oynadığını qeyd edən Z.Dadaşova şagirdlərin müsabiqədə fəal iştirakının bunun bir göstəricisi olduğunu bildirdi.