F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları kçik oxu zalında 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” başlığı altında söhbət təşkil etdilər. Söhbətdə “İdrak” liseyinin 1-ciləri iştirak edirdi. Tədbirdə bildirildi ki, 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin, milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Söhbətin davamında uşaqlar dövlət rəmzimiz olan himnimizi ifa etdilər, çarxlı slaydı izlədilər. Sonda uşaqların milli vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə onlara təhsil həyatlarını müvəffəqiyyətlə davam etdirməyin zəruruliyi, ölkəmizi xarici ölkələrdə layiqli təmsil etməyin önəmi diqqətə çatdırıldı.