12 mart 2018-ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi metodika şöbəsinin əməkdaşları kitabxanada təcrübə keçən BDU-nun kitabxanaçılıq informasiya fakültəsinin tələbələrinə şöbənin işi, məqsəd və vəzifələri, hazırlanacaq yeni vəsaitlər, o cümlədən, bu il üçün yazılmış vəsaitlərlə bağlı geniş məlumat verdi. Tədbirdə, elmi metodika şöbəsinin müdiri Rühiyyə Məmmədli şöbənin iş prinsiplərinin əsas məqsədi barədə söhbət açaraq, birmənalı olaraq uşaq və yeniyetmələrin maariflənərək dünyagörüşünün inkişaf etdirilməsinə xidmət etdiklərini diqqətə çatdırdı. Sonra əlamətdar və tarixi günlər təqviminə uyğun olaraq əməkdaşların Q.Qarayev(100), Ə.Məmmədxanlı(105), A.Tolstoy(135), S.Mixalkov(105), H.Z.Tağıyev(180), “Dünyada ən uca zirvədir- Ana!”, F.Köçərli (155) və s. haqqında hazırladıqları metodik vəsaitlərin icmalı keçirildi. Vəsaitlərin təqdimatında, “Yeddi gözəl” baletindən Aişənin rəqsi, “Babək” filmindən Babəkin Afşin və oğlu ilə dialoqu və Babəkin edam səhnəsindən görüntülər ekranda izlənilərək icmalı daha da maraqlı, yaddaqalan etdi. Daha sonra söz, kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşovaya verildi. O, tədbirin əhəmiyyətini və səmərəli keçdiyini vurğulayaraq elmi metodika şöbəsinin fəaliyyətindən, il ərzində hazırladıqları metodik tövsiyyələrdən, hər il üçün hazırlanan çox maraqlı təqvimdən, valideyn güşəsi üçün yazılmış materiallardan və s. söhbət açaraq, şöbənin əməkdaşlarına öz təşəkkürünü bildirdi. Sonda, elmi metodika şöbəsi tələbələr arasında kitabxananın fəaliyyəti ilə bağlı rəy sorğusu keçirdi.