BMT Baş Assambleyası tərəfindən təşkil olunan 1950-ci il iyunun 1-də "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı qəbul olunub. Həmin tarixi gündən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. 31 may 2018-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə, Mickeys House uşaq bağçası və 60 saylı tam orta məktəblə birgə Suraxanı rayonunda yerləşən 2 saylı Uşaq Evində “1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunan “Bir günəşin zərrəsiyik” adlı tədbir keçirildi. Tədbirdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, Mickeys House uşaq bağçasının müdiri Sevinc Rəhimli və 60 saylı məktəbin kitabxana əməkdaşları iştirak edirdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşaova tədbiri açaraq “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqları təbrik etdi, onlara xoş arzularını çatdırdı. Zahirə Dadaşova Azərbaycanda uşaq problemləri həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etdi, bildirdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə daim uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Tədbirdə məktəblilər və uşaq bağçasının balaca fidanları 2 saatlıq əyləncəli proqramla çıxış etdilər. Uşaqların təqdim etdiyi bədii kompozisiya, nağıl qəhrəmanlarının çıxışları, şən oyunlar uşaqların sevincinə sevinc qatdı. Uşaq evinin sakinləri balacaların ifasında təqdim olunan Misir şahzadəsi Kleopatranın nağılını heyranlıqla izlədilər. Müxtəlif musiqilər səsləndi. Uşaqlar da öz bacarıqlarını nümayiş etdirib, rəqslərlə çıxış etdilər. Qeyd edək ki, Uşaq Evində 3-18 yaş arası 135 uşaq yaşayır. Tədbir iştirakçıları daim qayğıya, diqqətə və xoş bir təbəssümə ehtiyacı olan uşaqlara gözəl gün yaşatdılar. Tədbirdə uşaqlara hədiyyələr təqdim edildi. Kitabxananın direktor müavini uşaqları bir daha bayram münasibəti ilə təbrik edib, onlara 100 ədəd jurnal və kitab hədiyyə etdi. Sonda çıxış edən uşaq evinin rəhbəri Sevda Hacıyeva təşkilatçılara öz dərin minnətdarlığını bildirərək, uşaqlara bu xoşbəxtliyi yaşatdıqları üçün tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi.