23 fevral 2017-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı – dərdimin zirvəsi kimi” adlı tədbir keçirildi. Xocalı faciəsi qurbanları bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qeyd etdi ki, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur. Azərbaycan xalqı bu faciəni artıq 25 ildir ki, ürək ağrısı ilə öz qəlbində yaşadır. Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Tədbir uşaqların ifası ilə davam etdi. Kitabxananın ən fəal oxucusu- Konsedaylo Ruslan özünün bəstələdiyi “Xocalı” əsərini pianoda ifa etdi. Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin uşaqları hazırladıqları ermənilərin törətdiyi vəhşiliklərdən, faciənin qurbanlarından bəhs edən pontamim tamaşa, müxtəlif kompozisiya ilə çıxış etdilər. Tədbirdə Nəsimi rayonu 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi, 201 saylı tam orta məktəb “Palitra” Art Studiyası və “Tamara” Art Studiyası üzvlərinin müəllim və şagird kollektivi, Bakı Modern Məktəbi və Nəsimi rayon məktəblərinin uşaqları, uşaq yazarları, “3 Alma” nəşriyyatının əməkdaşları iştirak etdi. Tədbirin sonunda iştirakçılar foyedə təşkil olunmuş kitab sərgisi və uşaqların çəkdikləri rəsm əsərləri ilə tanış oldular. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği olmaqla Xocalı faciəsini unutmamağa çağırış idi.