Sentyabr ayının 28-də Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təntənəli açılış mərasimi keçirildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və nazirliyin digər əməkdaşları, ölkə və xarici ölkələrin kitabxana direktorları, eləcə də Azərbaycanda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları, ümumiyyətlə bütün kitabxana ictimaiyyəti V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışında iştirak edirdilər. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Avtomat Kitab Köşkü” layihəsinin təqdimatında iştirak etdilər. Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir. Tədbir F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kiçik yaşlı oxucularının “Gəlin, birlikdə kitab oxuyaq” adlı fləşmobu və Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestrinin çıxışı ilə başladı. Sonra tədbiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açaraq bildirmişdir ki, bu il Bakıda keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına böyük maraq olmuşdur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə kitaba marağın olması ölkənin mədəniyyətindən, inkişafından xəbər verir. Ümumiyyətlə son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını qeyd etdu. Həmçinin üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, “dəyirmi masa”ların, müzakirələrin, yazarların imza günlərinin keçiriləcəyini də bildirdi. Ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Hazırda əsas məqsədimiz kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılmasını təmin etmək, gənc nəslin kitaba olan marağını, mütaliə mədəniyyətini artırmaq, onları dünya çap məhsulları ilə tanış etməkdir. Tədbirdə iştirak edən Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik edərək bildirdi ki, ölkəmizdə belə sərgi-yarmarkalarının keçirilməsi artıq bir ənənə halı alıb. Kitabın bəşəri dəyər olduğunu vurğulayan Elçin Əfəndiyev belə sərgilərin keçirilməsini yüksək qiymətləndirmişdir. Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar. Qeyd edək ki, sərgidə F.Köçərli adına Respublika Uşaq Kitabxanasıda sərgidə iştirak etmişdir. Dünya uşaq ədəbiyyatı inciləri müxtəlif dövlətlərin adı altında nümayiş olunmuşdur. Təxminən 300-dən çox uşaq ədəbiyyatı nümunələri tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Həmçinin kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı da ayrı stenddə 10 ildən çox fəaliyyəti dövründə çap olunmuş arxiv və yeni nəşrləri ilə sərgiləndi. Qonaqlar sərgi ilə yaxından tanış olmuş, “Göy qurşağı düş aşağı, Bəzə bizi rənglərə” adlı banerə yaxınlaşaraq onun qarşısında xatirə şəkilləri çəkdirmiş, hər bir sərgi iştirakçılarına jurnalın yeni çapdan çıxmış iki sayı, bloknot verilmişdir. Sərgidə böyük estetik gözəlliyi ilə diqqəti cəlb edən kitabxana sərgisi xarici qonaqların da marağına səbəb olmuşdur. Qeyd: V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 30 sentyabr tarixinə qədər davam edəcəkdir.