11 mart 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında kütləvi işlər və incəsənət şöbəsi uşaq ədəbiyyatının görkəmli şairi Xanımana Əlibəylinin yaradıcılığına həsr olunmuş tədbir keçirdi. Tədbirdə Binəqədi rayonu, Namiq Babayev adına 144№-li tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir uşaq ədəbiyyatının inkişafında X.Əlibəylinin xidmətlərindən, onun yaradıcılığının müxtəlif istiqamətlərindən bəhs edən çarxlı video slaydın nümayişi ilə başladı. Sonra məktəbin VIa sinif şagirdləri şairənin şeirlərindən ibarət bədii kompozisiya ilə çıxış etdilər. Xanımana Əlibəylinin uşaqların həmişə sevə-sevə baxdıqları “Gözəllər gözəli” iki hissəli nağıl pyesi səhnələşdirilmiş formada təqdim olundu. Tədbirin sonunda kitabxananın direktor müavini məktəblilərə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, müəllifin “Balaca həkim” (1955), “Yaz konserti”(1960), “İşləməyən dişləməz” (1961), “Ulduzların nəğməsi” (1966), “Karnaval” (1968), “Noğul” (1970) və s. şeir və poemalarında yüksək mənəvi keyfiyyətlər tərənnüm olunmuşdur. Akademik Bəkir Nəbiyevin dili ilə desək, uşaq ədəbiyyyatının Xanım anası təkcə yazıçı deyil, eyni zamanda uşaq həkimi olmuşdur. Bu səbəbdən yazıçı uşaqların psixologiyasını yaxından bilmiş, əsərləri ilə balacaların böyük məhəbbətini qazanmışdır. Tədbir iştirakçıları yazıçıya həsr olunmuş “Uşaq ədəbiyyatının Xanım anası” adlı kitab sərgisi ilə tanış oldular. Bütün uşaqlara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi, xatirə şəkilləri çəkildi.