21 aprel 2016-cı il tarixdə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında şair Vahid Əzizlə görüş keçirildi. Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin I, II, III və Hazırlıq fakültəsinin türk tələbələri, kitabxananın əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova şair Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açaraq bildirdi ki, Vahid Əziz deyən kimi birinci yada düşən onun sözlərinə yazılmış mahnılar olur. Şair öz çıxışında qeyd etdi ki, şeirlərini ona görə oxuyurlar ki, özlərini orada görürlər, tək olmadıqlarını hiss edirlər. Dərdlərinə şərik çıxanların olduqlarını duyurlar. V. Əziz bu cür görüşlərin təqdirəlayiq olduğunu da vurğuladı. Onun sözlərinə görə, gənc nəslin formalaşmasında dövlət siyasəti ilə yanaşı ictimaiyyət, valideynlər və müəllimlərin də xüsusi rolu var: “Gənclərin yaxşı və pis cəhətlərinə görə məsuliyyəti yaşlı nəsil daşıyır”. Tədbirdə şairə həsr olunmuş video-slaydlar göstərildi. Tədbir boyunca V. Əziz son yazdığı şerlərdən oxudu və tədbir iştirakçılarının suallarını cavablandırdı.