20 dekabr 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Binəqədi rayonu N.Babayev adına 144 saylı məktəbin X sinif şagirdi Nihad Vəliyevin “İş adamı” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə kitabxana əməkdaşları, detektiv romanlar ustası, yazıçı Elxan Elatlı, Binəqədi rayonu Bələdiyyəsində İctimai və Humanitar məsələləri üzrə sektor müdiri İradə Mustafayeva, Binəqədi rayonu N.Babayev adına 144 saylı məktəbin direktoru Həcər Mahmudova, həmin məktəbin müəllim və kitabxana əməkdaşları, Nihadın yaxınları, sinif yoldaşları, dostları iştirak edirdi. Təqdimatı F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova açaraq kitabxananın fəaliyyətindən, onun respublikada elmi metodik mərkəz kimi xidmətlərindən söz açdı. O nitqində bildirdi ki, bu gün cəmiyyətdə baş verən dəyişikliklər onun bir parçası olan insanları da yaxından maraqlandırır. Bu dəyişikliklər dəyərlərə münasibətə də öz təsirini göstərir. İnsanlar tərəfindən unudulmuş dəyərlər sisteminin gənc nəslə təbliğ edilməsinin həm bu günümüz, həm də sabahımız üçün əhəmiyyəti böyükdür. Bu baxımdan gələcəyimiz olan uşaqların tərbiyə olunmasına xüsusi diqqət yetirilməsi vacibdir. Belə ki, biz uşaqlarımızı daha dünyagörüşlü, milli-mənəvi dəyərlərimizin qoruyucuları kimi böyütməliyik. Kitabxanamızda artıq neçənci dəfədir ki, istedadlı, yaradıcı oxucularımızla belə maraqlı görüşlər, gənc yazarların ilk kitablarının təqdimatı keçirilir . Bizim bütün oxucularımıza bir tövsiyəmiz var: “Mədəni olmaq istəyirsənsə - kitab oxu! Hər zaman belə istedadlı uşaqlarımızla, oxucularımızla qurur duyuruq. Ulu öndərimizin belə bir müdrik deyimi var: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!” Təqdimatda iştirak edən qonaqlar Nihadın ilk kitabı ilə bağlı maraqlı fikirlər söylədilər. Görüş başlayan andan sona qədər zalda gənc yazarın özünün hazırladığı çarxlı video slayd təqdim olundu. F.Köçərli adına kitabxananın əməkdaşları oxucuları olan Nihad Vəliyevin ilk kitabı haqqında müsbət fikir bildirdilər.Dedektiv romanlar ustası, yazıçı Elxan Elatlı Nihadın ilk addımlarını çox bəyəndi, ona öz tövsiyələrini verdi, yaradıcılıq fəaliyyətində gənc yazara uğurlar arzuladı. Çıxış edənlər müəllifin öz yaşına uyğun müdrikliyindən, yazıların səmimiliyindən, fərqli şəxsiyyətindən bəhs etdilər. Gələcəkdə dərslərində və yaradıcılığında ona uğurlar arzu etdilər.Tədbirin sonunda Nihad oxucuların suallarına cavab verərək, bu maraqlı görüş üçün əməyi olan hər bir kəsə öz minnətdarlığını bildirdi, kitablarına öz imzasını ataraq dostlarına hədiyyə etdi.