14 aprel 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında hərbi-vətənpərvərlik mövzusunda “Vətənimi sevirəm” adlı tədbir keçirildi. Tədbirdə Xətai rayonu, 245 saylı tam orta məktəbin şagird və müəllim kolletivi iştirak edirdi. İlk öncə kitabxananın direktoru Şəhla Qəmbərova “Gözlə bizi, Qarabağ” adlı kitab sərgisi ilə şagirdləri tanış etdi və sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra tədbiri kitabxananın İncəsənət şöbəsinin əməkdaşı giriş sözü ilə açaraq bildirdi ki, Vətəni sevmək, Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də Vətən üçün yaşaya, öz əməli ilə Vətənin şöhrətini artıra bilər. Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Əsgər döyüş meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərdə yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır. Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər. Vətəni sevmək ölkəmizi, mədəniyyətimizi, dilimizi tanıtmaqdır dünyaya. F.Məmmədova son dövrlərin Qarabağ savaşına da toxunaraq bildirdi ki, bu hadisələr göstərdi Azərbaycanda indi də canını Vətən yolunda qurban verməyə, onun uğrunda ölümə getməyə hazır olan igid oğul və qızlarımız çoxdur. Bu mərd və mübariz Vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda etmiş və gələcək nəsillərin də vətəni dərin və atəşin məhəbbətlə sevməsinə nümunə ola biləcək şərəfli bir iz qoymuşlar. Tədbir məktəblilərin hazırladığı kompazisiya ilə davam etdirildi. Tədbirdə çıxış edən kitabxananın direktoru Şəhla Qəmbərova beynəlxalq ictimaiyyətə çatdırılması ilə bərabər, böyüməkdə olan gənc nəslin yaddaşlarına silinməz həkk olunması istəqamətində mütəmadi hərbi-vətənpərvərlik təbliğatlarının aparılmasının vacib olduğunu vurğuladı.