4 noyabr 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Uşaq Teatr Studiyasının balaca aktyorları Aleksey Nikoloyeviç Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” əsəri əsasında “Buratinonun kitabxana sərgüzəştləri” adlı tamaşa ilə Bakı şəhəri, Suraxanı rayonu 290№-li tam orta məktəbin ikinci sinif şagirdləri qarşısında çıxış etdilər. Dünyanın bir çox yazıçılarının diqqətini cəlb etmiş oduncaq adam rəvayəti studiyanın üzvləri tərəfindən bu dəfə tam fərqli formatda təqdim olundu. Tənha qoca oduncaqdan adam düzəldir və o, canlıya çevrilib insan ömrü yaşayır. Tamaşaya qoyulan bu nağıl da dinamikası, macəraları ilə diqqəti cəlb edir. Tolstoy oduncaq övladı – Buratinoya həyatın ən sərt tərəflərini göstərir. O, atasına qızıl açar gətirmək üçün çox çətin sınaqlardan çıxır. Buratino onu odundan yaradan Karlo atasına sədaqətli qalır, ağıllı, tərbiyəli olmağa, məktəbdə oxumağa söz verir. Onun rastlaşdığı teatr aktyorları, müxtəlif xarakterli insanlar anladırlar ki, həyatda zəhmət, istedad, bir də ağıl insanın yaxın dostu olmalıdır. Böyüklərə hörmət, onların ağıllı məsləhətləri uşaqların yoluna işıq salır. Məhz bu cəhətləri ilə Buratino Karlo ataya xəzinə deyil, kitabxananın qapılarını açır və o, kitabxanamızda yaşayan İncəhörümə əvvəllər qulaq asmadığına, kitabları sevmədiyinə görə peşman olduğunu deyir.Balaca aktyorların müasir, maraqlı rəqsləri tamaşaya xüsusi rəng qataraq tamaşanı daha da baxımlı etdi.