F.Köcərli adına Respublika Uşaq Kitabxanası Era liseyi ilə birgə noyabrın 8-də məktəbin akt zalında Bayraq gününə həsr olunmuş “Bayrağımız- qürur mənbəyimizdir” adlı tədbir keçirdi. Məktəbin foyesində təşkil olunmuş sərgilərdə məktəblilərinin rəsmləri, əl işləri, kitab sərgisi dövlət atributumuzun bizim üçün nə qədər önəmli, müqəddəs olmasından xəbər verirdi. Tədbir iştirakçıları sərgilərlə tanış oldular. Sonra isə akt zalında tədbir Azərbaycanın himni ilə başladı. Tədbirdə aparıcılar Bayraq gününün tarixindən, Bayraq meydanının yaranmasından mükəmməl danışdılar. Hazırlanmış çarxlı slayd ilə uşaqlar bayrağımız haqqında daha mükəmməl məlumatlandılar. Həmçinin, tədbir iştirakçıları uşaqların ifasında rəqsə tamaşa etdilər, Azərbaycana və Vətənə həsr olunmuş vətənpərvərlik mövzusunda mahnıları dinlədilər. Tədbir böyük ruh yüksəkliyi ilə sona yetdi. Hamı bir ağızdan “Bir kərə yüksələn bayraq bir daha enməz!” söylədi. Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış edərək Era liseyi ilə əməkdaşlıqdan söhbət açdı. Qeyd etdi ki, Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir, bizim qürur mənbəyimizdir. Ulu öndər bayrağımız haqqında demişdir: - “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.”Tədbirdə Təhsil Problemləri İnstitunun əməkdaşı da iştirak edərək Era liseyinin təhsil ocaqları içində öndə getməsindən, müəllimlərin fədakarlığından danışdı. Çıxış edənlər 9 noyabr Bayraq günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik etdi, bir arzu ilə hamıya səsləndilər: “ Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!”