Azərbaycan uşaq ədəbiyyatının klassiki, görkəmli şair, nasir, dramaturq, ədəbiyyatşünas, böyük pedaqoq, ictimai xadim Abdulla Şaiqin həyat və yaradıcılığına həsr olunmuş bu fundamental biblioqrafiyada ədibin 1906-2016-cı illərdə dərc edilmiş əsərləri və onun haqqında yazılan materiallar öz əksini tapıb. Biblioqrafik göstərici ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Biblioqrafiyanın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, redaktoru Gülbəniz Səfərəliyevadır. Kitabın “Ön söz”ünün müəllifi Alxan Bayramoğlu, rəyçilər Kərim Tahirov və Ülkər Talıbzadədir.Kitab və elektron toplu F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində hazırlanıb.Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, elm adamları, uşaq yazıçısı Gülzar İbrahimova, tədqiqatçılar, həmçinin kiçik yaşlı məktəblilər iştirak edirdi. Tədbiri giriş sözü ilə Abdulla Şaiq mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə açaraq tədbirin əhəmiyyətindən danışdı, əsil həqiqətdə tərtib olunmuş biblioqrafiyanın Abdulla Şaiq kimi görkəmli şəxsə ucaldılan abidə kimi şərəfli bir iş olduğunu vurğuladı, tədbirə gələn qonaqları təqdim etdi. F.Köçərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova da öz növbəsində tərtib olunmuş biblioqrafiyanın əhəmiyyətini bir daha vurğuladı və bildirdi ki, elm, mədəniyyət və ədəbiyyat xadimlərinin irsinə olan qayğı və diqqət bundan sonra da davam edəcəkdir. O, Abdulla Şaiq yaradıcılığından danışarkən qeyd etdi ki, Abdulla Şaiq milli təhsili ilk həyata keçirənlərdən olmuş, Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmışdır. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. Ömrünün altmış ilini xalqının xidmətinə həsr edən A.Şaiq bir ədəbiyyatşünas-alim, tərcüməçi, xalq elçisi, el ağsaqqalının əsərləri bu gün də sevilərək oxunur, dərsliklərdən düşmür. Cox böyük və gərgin əmək sayəsində ərsəyə gələn bu biblioqrafik göstərici şairin keçdiyi dolğun həyat yolunu və zəngin yaradıcılığını əks etdirmək baxımından çox qiymətlidir.Tədbirdə çıxış edən digər iştirakçılar –Mədəniyyət və Turizm Universitetinin dosenti Minəxanım Əsədli, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitunun əməkdaşları Arzu Hacıyeva, Solmaz Fərzəliyeva, Aslan Salmansoy biblioqrafik vəsaitin yaranmasını akademik Lixaçovun sözləri ilə desək, iynə ilə gor qazmaq kimi çətin, gecə -gündüz axtarışda olan fəhlə əməyinə bənzətdilər, nəticədə fundamental biblioqrafiyanın dolğun şəkildə tərtibatına görə tərtibçilərə öz təşəkkürlərini bildirdilər. Biblioqrafiyanın tərtibçilərdən olan F.Köçərli adına Respublika Uşaq kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Nazilə Tahirova çıxışında qeyd etdi ki, biblioqrafiyanın hazırlanmasına iki il vaxt sərf olunub. Elmi kitabxanaların fondlarından, Abdulla Şaiqin mənzil-muzeyinin eksponatlarından, arxiv fondlarından istifadə edilmişdir. Kitabda 2000-dən çox mənbə göstərilmişdir. Təqdim olunan 448 səhifəlik biblioqrafik topluda Abdulla Şaiqin 1906-2016-cı ilədək nəşr olunan əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əks olunmuşdur. O, bu kitabın ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə, xüsusən kitabxanaçılara öz dərin minnətdarlığını bildirdi. Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin böyük kitabxanaçısı, biblioqrafiyanın təsisçilərindən olan Tünzalə Əzizova Abdulla Şaiqin anadan olmasının 135 illiyi münasibətilə hazırlanmış elektron məlumat bazasını tədbir iştirakçılarına təqdim etdi. Mükəmməl hazırlanmış elektron məlumat bazasında kitabların, dövri mətbuat materiallarının tam mətni verilməklə yanaşı, A.Şaiqin ev-mənzil muzeyinin eksponatları- orada toplanan əlyazmalar, məktublar, şairin radioda səsi, onun haqqında sənədli filmlər və s. haqqında dolğun məlumatlar tədbir iştirakçılarına təqdim olundu. Tədbirdə Nizami rayonu 214 saylı məktəbin və Nizami rayonu Uşaq Gənclər yaradıcılıq mərkəzinin məktəbliləri çıxış etdilər, şairin şeirlərini böyük ustalıqla ifa edərək tədbirə xüsusi rövnəq verdilər. Tədbirin sonunda Ülkər xanım çıxış edərək biblioqrafiyanın hazırlanması və nəfis tərtibatla nəşr olunmasını təqdirəlayiq hal adlandırdı. Qeyd etdi ki, görkəmli uşaq yazarlarına həsr olunan biblioqrafiya onların yubileyinə hazırlanmış ən qiymətli töhfədir. Gələcəkdə A.Şaiq irsi ilə məşğul olan tədqiqatçılar üçün bu nəşrin rolu danılmazdır. Kitabı vərəqlədikdə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, tərcüməçi, maarifçi, təhsil təəssübkeşi olan bir insanın həyat yolu gözlərimiz qarşısında canlanır. Ülkər xanım çıxışının sonunda Abdulla Şaiq biblioqrafiyasının ərsəyə gəlməsində əməyi olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivini təbrik etdi və kitabxananın direktoru Şəhla Qəmbərovaya A.Şaiq ev muzeyi adından bu şərəfli işlərinə görə diplom təqdim etdi.