11 Oktyabr

Dünya Qız Uşaqları Günü, (2011)

“Uşaqlarınız arasında fərq qoymayın, fərqli davranacaq olsanız belə, qızlarınızı üstün tutun”. Məhəmməd Peyğəmbər 

 

Dünya Qız Uşaqları Günü 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş və hər il oktyabr ayının 11-dən qeyd olunmağa başlanmışdır. Əvvəlcə, Türkiyə, Kanada Peru tərəfindən qəbul edilən bu gün getdikcə digər dünya ölkələri tərəfindən də qeyd edilməkdədir. Dünya Qız Uşaqları Gününün məqsədi qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyə diqqət cəlb etmək və bunun qarşısını almağa təşviq etməkdir. 2012-ci ildə başlanılan bu hərəkatın ilk devizi "uşaq nikahları" olmuşdur. 2013-cü ilin əsas mövzusu isə BMT tərəfindən “təhsil” kimi müəyyənləşdirilmişdir. BMT ən nüfuzlu beynəlxalq missiya kimi uşaqlara qarşı ayrı-seçkiliyin bariz şəkildə müşahidə edildiyi təhsil, qidalanma, səhiyyə, şiddət və s. bu kimi sahələrdə müvafiq qurumlar və qeyri-hökumət təşkilatlarının səylərini istiqamətləndirərək qız uşaqlarının həyatı üçün fərqlilik yaratmağa təşviq edir. Qız uşaqlarının həyatı üçün ən böyük ağırlaşdırıcı hallardan biri də erkən evliliklərdir. Qlobal miqyasda 20-24 yaş qrupunda qadınların təxminən üçdə biri, yəni təxminən 70 milyon qadın 18 yaşa qədər ailə qurur. Bu problem, təəssüf ki, bu gün də belədir. 15-19 yaş arası hər 4 qızdan biri şiddət görür. Qız uşaqlarını qorumağın ən yaxşı yolu isə təhsildən keçir. Qız uşaqları təhsil almadıqda cəmiyyətlər çox istiqamətli erroziyaya məruz qalır. Bu vəziyyət ictimai ədalət və bərabərliyin pozulması, cəmiyyətlərin sağlam bir şəkildə gələcəyə köçməməsi, iqtisadiyyatın pozulması, sülh və rifah şəraitinin azalmasına səbəb olur. Bu səbəblərlə, qız uşaqlarımızın təhsil almalarının önündəki bütün maneələr aradan qaldırmalıdır. Çox böyük təəssüf hissi ilə bildirməliyik ki, dünyada üç qız uşağından birinin təhsil haqqı zorakılıq, yoxsulluq və irqçilik səbəbindən pozulur. 

  Qız uşaqlarının daha yaxşı təhsil almaları və həyat şəraitlərinin yaxşılaşdırılması isə hər ölkənin prioriteti olmalıdır. Dünyada və ölkəmizdə sülhü, firavanlığı, tərəqqini və rifahı ədalətli və bərabər olaraq böyütmək istəyiriksə, əvvəla qız uşaqlarımızın daha çox təhsil almalarına imkan verməli, onları gələcəyin innovativ qız uşaqları olmaları üçün elm və texnologiyalarla daha çox təmin etməliyik. Çünki həyatımızın sağlam və dayanıqlı olması bugünkü qızlarımızın sağlamlıq və təhsil səviyyələri ilə sıx şəkildə bağlıdır. 

 

Yusif Ramiq oğlu Budaqov 

Yusif Budaqov 1997-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olub. 2003-2014-cü illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Yusif Budaqov Füzuli və Xocavənd döyüşlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində şəhid olmuş, nəşi oktyabrın 30-da yaxınlarına təhvil verilmişdir. Oktyabrın 31-də Badamdar qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İntiqam Eynullah oğlu Hacıyev

İntiqam Hacıyev 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Ağcabədi rayon Minaxorlu kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə yaralanmış və Ağcabədi rayonunun Muğanlı kəndinə gətirilmişdir. İntiqam Hacıyev 13 oktyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Emin Fazil oğlu Məmmədov

Emin Məmmədov 11 oktyabr 1997-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Beyləqan rayon Araz qəsəbə tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emin Məmmədov 2 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xəqani İsa oğlu Murtuzəliyev

Xəqani İsa oğlu Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Həsən Adışirin oğlu Quliyev

Həsən Quliyev 11 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində dünyaya göz açmışdır. 2003-2014-cü illərdə Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 21 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Sarvanlar kəndində torpağa tapşırılmışdır. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Həsən Quliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Azər Zakir oğlu Quluyev

Quluyev Azər Zakir oğlu 11 oktyabr 1996-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2015-2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olmuş, həmçinin Aprel döyüşlərində də fəal iştirak etmişdir.Quluyev Azər 2020-ci il sentyabrın 29-da Vətən müharibəsinə könüllü olaraq getmiş, şərəfli bir döyüş yolu keçmişdir. O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış, Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Quluyev Azər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Arif Seymur oğlu Rüstəmov

Rüstəmov Arif Seymur oğlu 2001-ci il oktyabrın 11-də Salyan şəhərində anadan olmuşdur. 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olub. Arif Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb. O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Arif Rüstəmov oktyabrın 27-də Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.

Arif Seymur oğlu Rüstəmov ölümündən sonra 3 medalla təltif olunub.

 

 

Rəşad Xanlar oğlu Sadıqov

Rəşad Sadıqov 1978-ci il oktyabr 11-də Laçın rayonunda anadan olub. 1984-1992-ci illərdə Laçın şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-1995-ci illərdə isə Şəmkir şəhərindəki Ə. Cavad adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Sadıqov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

 

Vüsal Mərdan oğlu Şahmarlı

Vüsal Şahmarlı 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açmışdır. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak etmişdir. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Şahmarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Şahmarlı ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Özal İdris oğlu Yusifli

Özal Yusifli 1992-ci il oktyabrın 11-də Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Özal Yusifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Özal Yusifli oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Özal Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Özal Yusifli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.