May ayının 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə 222 saylı uşaq bağçasında Beynəlxalq Günəş Gününə həsr olunmuş “Günəş – həyat mənbəyimizdir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı uşaqlara kitabxana haqqında, Beynəlxalq Günəş Gününün tarixi və Günəşin təbiətdəki rolu barədə məlumat verilib.
Balacalara izah olunub ki, Günəş Yer kürəsinə ən yaxın ulduzdur və o, bizə işıq və istilik verir. Bitkilər, heyvanlar və insanlar Günəş sayəsində yaşayır. Günəş həm də təbiətin qorunmasında və təmiz enerji mənbəyi kimi çox vacibdir.
Tədbir çox əyləncəli keçib. Uşaqlar Günəş haqqında şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdirib və sual-cavab viktorinasında fəal iştirak ediblər. “Balaca Ürəklər – Böyük Günəş” adlı rəsm müsabiqəsində isə onlar öz təsəvvürlərindəki Günəşi rənglərlə ifadə ediblər.
Sonda uşaqlar üçün xüsusi kitab sərgisi təşkil olunub. Sərgidə Yer kürəsi, təbiət, bitki və heyvanlar aləmi haqqında rəngarəng və maraqlı kitablar təqdim edilib.
Tədbirin əsas məqsədi uşaqlara Günəşin həyatımızdakı əhəmiyyətini anlatmaq, onlarda təbiətə sevgi və maraq yaratmaq olub.





