21 fevral 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Dilimizi qoruyaq” adlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra şagirdlərə ana dilimizin önəmi və dəyəri haqqında geniş məlumat verilib. Qeyd edilib ki, ana dili yalnız bir ünsiyyət vasitəsi deyil, həm də insanın həyatını və cəmiyyətin inkişafını əhəmiyyətli dərəcədə təsir edən bir amildir. Ana dilinin qorunması və inkişafı, həm fərdi, həm də kollektiv səviyyədə böyük əhəmiyyət kəsb edir. Dilin qorunması, həmçinin milli kimliyin, mədəniyyətin və vətənpərvərliyin təməl daşı olduğu izah olunub.
Tədbir çərçivəsində şagirdlər tərəfindən Azərbaycan ədəbiyyatının qiymətli incilərindən olan “Anamın kitabı” əsərindən parçalar və məşhur "Arşın mal alan" filmindən səhnəciklər nümayiş etdirilib. Həmçinin Azərbaycan xalqının mədəniyyətinə və ənənələrinə dərin hörmətin təzahürü olaraq, “Cəngi” rəqsi təqdim olunub.
Uşaqlarla keçirilən tədbirlərin əsas məqsədi ana dilinin əhəmiyyətini vurğulamaq, onun qorunmasını təşviq etmək və inkişafını dəstəkləməkdir.