23 aprel 2025-ci il tarixində S.Abdullayev adına 290 saylı tam orta məktəbdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə “23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar dəyirmi masa keçirilib.
Bu Gün 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 aprel tarixində bütün dünyada tədbirlər keçirilir.
Məktəblilərə kitabxana əməkdaşları tərəfindən əlamətdar günlə bağlı məlumat verilib. Fransız yazıçısı V.Hüqonun "Səfillər" romanı əsasında müzakirə aparılıb. Şagirdlərlə birgə "Səfillər" romanındakı obrazların təhlili aparılıb, əsərdəki maraqlı faktlara nəzər yetirilib, diskussiya keçirilib. "Bütün dövrlərin 100 ən yaxşı kitabı" siyahısına daxil edilən "Səfillər" romanı müəllifin qeyd etdiyi kimi "kiçik adamlar haqqında hekayətdir".
Bu günün qeyd olunmasında məqsəd şagirdləri kitablardan və mütaliədən zövq almağa təşviq etmək, onlarda bədii ədəbiyyata marağı artırmaqdır.