2 avqust Milli Kino Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bu münasibətlə, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Milli Kino Gününə həsr olunmuş video materialı oxuculara təqdim etdi.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.
Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanan 10 dəqiqəlik video materialda Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiasında Müstəqillik dövrünə qədər və müstəqillik illlərində ərsəyə gələn bədii filmlər, uşaq filmləri, Dövlət Film Fondunda qorunub saxlanılan eksponatlar, afişalar, fotolar və s. haqqında ətraflı məlumat verilir.