Koroğlu

Koroğlu : dastan / uşaq. üçün işl. E. İlham ; red. R. Ə. İsmayılov ; rəs.: E. Cabarov, Z. Cabbarov. - Bakı : Altun Kitab, 2017. - 144 s.

Koroğlu bir çox türk xalqlarının ortaq folklor qəhrəmanıdır. Tədqiqatçılar onun tarixi şəxsiyyət olduğunu bildirirlər. Araşdırmalarda qeyd edilirki, Koroğlu XVI əsrin sonunda Azərbaycanda Osmanlı imperiyasına qarşı mübarizə aparan Cəlalilər hərəkatının fəal üzvlərindən biri olmuşdur. Tarixi mənbələrdə onunla yanaşı Dəli Həsənin, Kosa Səfərin, Tanrıtanımazın, Gizir oğlu Mustafa bəyin də adı çəkilir. Belə güman etmək olar ki, Koroğlu həm də ustad aşıq olduğuna və şeir qoşduğuna görə daha məşhur olmuşdur. Maraqlıdır ki, əsrlər boyu yalnız aşıqların ifasında yaşayan "Koroğlu" dastanı ilk dəfə XIX əsrin I yarısında çox qısa variantda əvvəlcə alman, sonra ingilis və rus dillərində nəşr olunmuşdur. Dastanın daha dolğun variantının nəşri isə XX əsrin 40-cı illərində təsadüf edir. 1949-cu ildə Bakıda 17 qoldan ibarət "Koroğlu" nəşr olunmuş,bir neçə il sonra isə daha bir qol - "Mərcan xanımın Çənlibelə gəlməyi" əlavə edilmişdir. Eposu dərindən araşdıran ədəbiyyat tarixçiləri onun başqa qollarınında olduğunu söyləyirlər. Orta məktəb şagirdləri üçün nəzərdə tutulan bu kitab görkəmli alim M.H.Təhmasib tərəfindən tərtib olunmuş dastanın sadələşdirilmiş və ixtisar olunmuş variantı olsa da, burada dastanın bütün qolları öz əksini tapmışdır.