Çexov, Anton Pavloviç. Kaştanka və digər hekayələr / A. P. Çexov ; rus dil. tərc.ed. K. Haqverdiyeva ; red.: V. Pirəliyev, F. Hüseynova ; ill. R. Həsənzadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 160 s.
Dahi rus yazıçısı Anton Çexov böyüklərlə yanaşı, uşaqlara da bir-birindən maraqlı hekayələr töhfə edib. Gənc oxucular üçün nəzərdə tutulan "Kaştanka" adlı hekayələr toplusu yazıçının həm də uşaq psixologiyasına yaxından bələd olduğunu göstərir. Bütün hekayələrdə təsvir olunanlar uşaq obrazlarının ətrafında baş verir. İlk baxışda adi məişət məsələləri kimi görünən hadisələr əslində, dərin tərbiyəvi məzmuna malikdir və gənc oxucuları düşünməyə vadar edir. Kitabda yazıçının "Hadisə", "Məktub", "Qrişa", "Şəhər kənarında" və digər hekayələri ilə yanaşı, "Kaştanka" da yer alıb. Hekayənin eyni adlı qəhrəmanı günlərin birində sahibini itirir və tezliklə yeni evdə məskunlaşır. Əvvəlkindən fərqli olaraq, Kaştanka burda rahat şəraitdə yaşayır, doyunca yemək, onu sevən sahib və yeni dostlar qazanır, amma bütün bunlara baxmayaraq, köhnə həyatı üçün darıxır... İtlərin necə sədaqətli heyvan olduğu hekayədə ustalıqla təsvir olunub.