Qasımov, İmran Haşım oğlu. Uzaq sahillərdə / İ. H. Qasımov, H. M. Seyidbəyli ; red. E. Astanbəyli ; rəs. E. Cabarov. - Bakı : Altun, 2022. - 144 s.
İmran Qasımov və Həsən Seyidbəyli tərəfindən yazılmış "Uzaq sahillərdə" povesti Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseyzadə – "Mixaylo"nun Avropa partizan hərəkatında göstərdiyi şücaətlərə həsr edilmişdir. Əsərin yazılmasında məqsəd alman-faşistlərə qarşı mübarizədə əvəzsiz rəşadətlər göstərmiş Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsini daha dərindən öyrənmək, onu fərqləndirən xüsusiyyətləri əxz etmək idi. Bu xüsusiyyətlər isə müxtəlif və rəngarəngdir. Məsələn, Mehdi Hüseynzadə əsərdə mərd və qorxmaz, vətənpərvər, dostluqda sadiq, əsil kəşfiyyatçı, istedadlı rəssam, ülvi arzularla yaşayan vətəndaş və nəhayət, faşistlərə qan udduran döyüşçü kimi təsvir olunmuşdur. Mehdi Hüseynzadə həqiqətən də bu deyilən keyfiyyətlərə cavab verən Azərbaycanın mərd və mübariz qəhrəman oğludur. Mehdi Hüseynzadə 1942-ci ildə Stalinqrad cəbhəsindəki vuruşmalardan birində yaralanaraq düşmən mühasirəsində qalır və əsir düşməmək üçün özünü həlak etməyə təşəbbüs edir. Lakin onun gənc və möhkəm səhhəti ölümə qalib gəlir. Nəhayət, Mehdi Hüseynzadə böyük bir qəhrəmanlıqla faşistlərin əlindən xilas olub qaçır, Triest yaxınlığındakı İtaliya partizanlarına qoşulur. Bu zamandan etibarən onun bir əfsanə kimi dillərə düşən fəaliyyəti başlayır. İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" povesti az zaman içində oxucularımızın hüsn-rəğbətini qazanmışdır. Xeyli dərəcədə bu onunla izah edilir ki, əsərin qəhrəmanı Mehdi Hüseynzadə müəlliflərin fantaziyasında yaranmış bir şəxsiyyət deyildir və həyatda onun real prototipi olmuşdur. Digər tərəfdən, əsərinuğurlu ekran həlli tapması onun populyarlığında əhəmiyyətli rol oynamışdır.