
Qarabağın sənət irsi : tarixi-etnoqrafik tədqiqat / Milli Azərbaycan Tarixi Muzeyi ; elmi red. F. Vəliyev ; rəy.: C. Mustafayev [et al.] ; dizayn A. İsmayılıova ; fot. M. Həsənoğlu. - Bakı : Təhsil, 2022. - 192 s.
"Qarabağın sənət irsi" monoqrafiyası Azərbaycan etnoqrafiya elminin mühüm problemlərindən biri olan sənətkarlıq mədəniyyətinə, xüsusən də onun bir qolunu təşkil edən Qarabağ bölgəsinin sənət irsinin tarixi-etnoqrafik baxımdan araşdırılmasına həsr olunmuşdur. Əsərdə XIX-XX əsrin əvvəllərində Qarabağ sənətkarlığının toxuculuq, dəriçilik, metal, daş və ağacişləmə , eləcə də bədii tikmə və qurma sənəti kimi mühüm sahələrinin etnoqrafik səciyyəsi, statistikası, məişətdə yeri və rolu, əsas tələbat məhsulları kimi əhəmiyyəti araşdırılaraq elmi-etnoqrafik şərhi verilmişdir. Əhali özünün yaradıcı təxəyyülünə arxayın olaraq onların kamil nümunələrini ərsəyə gətirmişdir. Əsərdə bütün bu məsələlər əyani-vizual görüntülərlə də işıqlandırılmışdır. Xüsusi qeyd olunmuşdur ki, Qarabağ bölgəsi müstəqil tarixi-coğrafi-inzibati ərazi və ayrıca tarixi-etnoqrafik bölgə kimi öz spesifikası və sənətkarlıq sahələrinin müxtəlifliyi ilə diqqəti cəlb edərək etnoqrafik bölgələrimiz içərisində özünəməxsus yer tutur. Burada sosial-iqtisadi. mədəni-tarixi və təbii-coğrafi amillərin qarşılıqlı təması, biri digərini tamamlaması nəticəsində Ümumazərbaycan sənətkarlıq mədəniyyətinin məhəlli bir variantı yaranmış, zaman-zaman təkamül tərzi keçirərək özünün lokal xüsusiyyətləri, texnologiyası ilə fərqlənmişdir. Qarabağ bölgəsinin relyef-landşaft zonallığı, zəngin təbii xammal ehtiyatları(ağac, daş, metal mədənləri) burada xalq təcrübəsinə əsaslanan müxtəlif sənət sahələrinin yaranıb biçimlənməsində mühüm rol oynamışdır. Monoqrafiya tarixçilər, etnoqraflar, tələbə və doktorantlar, həmçinin xalqımızın milli-mənəvi və maddi dəyərlərinə yüksək qiymət verən geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.