Mühakimətül-lüğəteyn - İki dilin mübahisəsi

Nəvai, Əlişir. Mühakimətül-lüğəteyn - İki dilin mübahisəsi : Müqayisətül-lüğəteyn - İki dilin müqayisəsi / Ə. Nəvai, C. Heyət ; lay.rəhb. T. Hacılı ; ixtisas red. Ə. Məlikov ; dizayn A. Aydın. - Bakı : Zərdabi Nəşr MMC, 2024. - 184 s.

Əlişir Nəvai "İki dilin müqayisəsi" əsərində örnəklərlə sübut edirdi ki, türk dilində (çağatayca) çoxsaylı sözlər var ki, onlarla düşüncənin istənilən hüdudlarını aşmaq mümkündür və türk dili fars dillərindən, ümumən şərq dillərindən qətiyyən geri qalmır. Əlişir Nəvainin kitabının davamı olaraq, əslində isə, onun türk dilinə dair fikirlərinin sübutu kimi Cavad Heyət "İki dilin müqayisəsi" əsərini yazıb və kitabının sonunda fars dilində müstəqil qarşılığı olmayan 1650 Azərbaycan türk sözünün siyahısını verib. C.Heyət "İki dilin müqayisəsi" əsərində fars dili ilə müqayisə obyekti kimi Azərbaycan dilini götürmüş, bu dili zamanla irəliləyən, müasir ictimai proseslər və elmi-mədəni inkişafla lazımınca ayaqlaşan elmi, ədəbi, fəlsəfi fikirlərin ifadəsi üçün daha yetkin bir dil kimi səciyyələndirmişdir. Həmçinin bu kitab Azərbaycan dilinin İrandakı "Azərbaycan dilinin elmi və qrammatik əsasları yoxdur" deyənlər üçün tutarlı cavabdır. Əgər Əlişir Nəvai zəmanəsinin dil problemlərindən bəhs edərkən elmi, ədəbi həqiqətləri çağatay türkcəsi ilə fars dilinin müqayisəsində axtarırsa, onun mənəvi varisi Cavad Heyət bu səviyyəyə Azərbaycan türkcəsini qaldırmış olur.