
II Beynəlxalq Rəsulzadə Qiraətləri = The International Readings in Memoriam of M/E/ Rasulzade = II Международные Чтения, Посвященные М.Э. Расулзаде / red. S. Rüstəmova-Tohidi ; nəş.red. G. Mehdiyeva ; heykaltaraş C. Dadaşov ; rəs. R. Gülmmədli ; dizayn Ə. Zaliyev. - Bakı : Təhsil, 2024. - 864 s.
Kitab Azərbaycan Cumhuriyyətinin qurucusu, ilk dövlət başçısı, görkəmli ictimai-siyasi xadim, jurnalist, yazıçı, alim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunub və 2022-ci ildə eyni adda nəşr edilmiş "I Beynəlxalq Rəsulzadə Qiraətləri" - məqalələr və sənədlər toplusunun davamıdır. 17 ölkədən 61 alim və tədqiqatçının əsərlərini əhatə edən, 5 fəsildən ibarət toplunun "Tarix, Fəlsəfə, Hüquq" və "Ədəbiyyat. Dil. Mədəniyyət" adlanan I və II fəsillərində - 42 elmi-akademik məqalə, III - "Publisistika" fəslində 17 məqalə və esse yer almışdır. IV - "Sənədlər" fəslinə Rəsulzadəyə aid 7 mövzuda müxtəlif ölkələrin arxiv sənədləri və foto-şəkillər, V-"M.Ə.Rəsulzadə irsi" fəslinə Rəsulzadənin xaricdə-İran, Türkiyə və Qərb ölkələrində nəşr olunmuş, həmçinin ona həsr edilmiş kitabların üz səhifələrindən ibarət kolleksiyalar daxil edilmişdir. I fəsil özlüyündə M.Ə.Rəsulzadə və müasirləri siyasi və jurnalist fəaliyyəti; İdeoloji-nəzəri baxışları; M.Ə.Rəsulzadə və müasirləri; M.Ə.Rəsulzadə xarici tarixşünaslıqda kimi bölmələrə ayrılır və bu mövzular üzrə tədqiqatları özündə ehtiva edir. II fəsildə M.Ə.Rəsulzadənin ədəbiyyat, sənət və mədəniyyət məsələlərinə dair əsərləri tədqiq olunmaqla ilk dəfə onun peşəkar ədəbiyyatşünas və dövrün mədəni həyatını yazılarında geniş işıqlandırmış mədəniyyət xadimi kimi xidmətləri qiymətləndirilir. Kitabın III- "Publisistika" fəslində elmi və bədii publisistik məqalələrlə yanaşı, "Məhəmməd Əmin Rəsulzadə və Azərbacan gəncliyi" bölümündə 8 xarici ölkədən Azərbaycan disasporunun yeni nəsil nümayəndələri- 13 gəncin "Rəsulzadə mənim üçün kimdir" mövzusunda yazdığı esselər toplanıb. Kitab XX əsr Azərbaycan tarixinin və M.Ə.Rəsulzadə irsinin tarixi, siyasi, hüquqi, eləcə də dil, ədəbiyyat. mədəniyyət, publisitika baxımından öyrənilməsinə və araşdırılmasına maraq göstərən geniş oxucu dairəsi üçün nəzərdə tutulur.