Azərbaycan kitab tarixi 1-ci hissə

Abasova, Leyla. Azərbaycan kitab tarixi 1-ci hissə / L. Abasova ; elmi.red. K. Aslan ; elmi red. Ə. Bayramov ; nəş.red. M. Çəmənli ; rəy.: K. Şərifli [et al.] ; dizayn.: Ə. Zaliyev, B. Hüseynov. - Bakı : Təhsil, 2021. - 320 s.

Kitabla bağlı olan bir elm və bilik sahəsinin, tədris fənninin öz yaranma tarixi, inkişaf qanunauyğunluqları, öyrənmə obyekti və predmeti vardır. Bu fənlərdən ən maraqlısı və əhəmiyyətlisi kitab tarixidir. Dünyanın ən böyük və qədim dil qrupuna - Türk dilləri ailəsinə daxil olan doğma dilimiz də daş salnamələrdə, əlyazmalarda formalaşaraq ulu dastanlarımızın ifadə vasitələrinə çevrilmiş, qədim kitablarımızda həkk olunmağa başlamışdır. Minilliklərə şahidlik edən Azərbaycan kitabının tarixini tədqiq etmək çətin və məsuliyyətli işdir. Bu mənada Azərbaycan kitab tarixini yazmağa cəsarət edən BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova "Azərbaycan kitab tarixi " adlı monoqrafiyası ilə bu vaxta qədər ciddi tədqiqat aparılmayan bir sahənin elmi araşdırılmasına cəhd göstərmişdir. İllərlə aparılan axtarışların nəticəsi kimi bir neçə hissədən ibarət olacağı nəzərdə tutulan "Azərbaycan kitab tarixi"nin I hissəsində milli kitab tariximizin obyekti, "Avesta" və "Kitabi-Dədə Qorqud" kimi yazılı abidələrimizin dil, əlifba, məzmun, çap baxımından araşdırılması və digər tədqiqat xarakterli mövzular öz əksini tapmışdır. İlk hissəsi işıq üzü görən "Azərbaycan kitab tarixi"ndən müəllimlər, tələbələr və milli kitabımızın tarixi inkişaf yolu ilə maraqlananlar yararlana bilər.