16 Noyabr
YUNESKO-nun Yaranması Günü
16 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edildiyi gündür. Bu qurumun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanmış, bir il sonra 1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlamışdır. Hazırda 195 dövlət YUNESKO-nun üzvüdür. YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı qurumun Parisdə yerləşən mənzil-qərargahında baş direktor Federiko Mayorla görüşü zamanı atılmışdır. Ulu öndər Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası yaradılmışdır. 2005-ci il sentyabrın 15-də isə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Azərbaycanla YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində məxsusi xidmətləri vardır. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilmiş, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmış, İçərişəhər Qoruğu YUNESKO-nun təhlükədə olan ümumdünya irs siyahısından çıxarılmışdır. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer almışdır. Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilmişdir. 2009-cu ilin martında Azərbaycanda I Beynəlxalq Muğam Festivalı keçirilmişdir. YUNESKO-nun baş direktoru Koişiro Matsura bu münasibətlə ölkəmizə səfər etmişdir. Dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regoinal konfransları silsiləsindən 2008-ci ilin mayında baş tutan “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tədbiqinə dəstək” və digər tədbirlər bu mərama xidmət edir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər.
Beynəlxalq Tolerantlıq günü
1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Tolerantlıq insanlar və icmalar arasında qarşılıqlı hörmətin bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati əhəmiyyət kəsb edir. Bu bir məziyyət, mənəvi keyfiyyətdir, lakin, hər şeydən əvvəl, tolerantlıq bir əməldir – başqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi deyil, dialoq və anlaşmaya dəvət kimi qəbul etməkdir. Bəli, tolerantlıq insanlar arasında körpülər salmaqla və ünsiyyət üçün yollar açmaqla bu çətinliklərin bir qisminə cavab verir. Tolerantlıq Birləşmiş Millətlər Təşkilatının məğzini təşkil edir. Tolerantlıq öz-özünə meydana gəlmir. O, öyrədilməli, yetişdirilməli və başqalarına ötürülməlidir. Vahid bəşəriyyət insan müxtəlifliyinin möhtəşəm zənginliklərinə qarşılıqlı hörmət əsasında birlikdə yaşamaq və birgə işləmək deməkdir.
Mədətov Zaur Kamal oğlu
Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub.[1] 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə qəbul olub. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam edib və 2017-ci ildə təhsilini bitirib. İdmanın cüdo növü ilə məşğul olub, Azərbaycan daxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. Subay idi. Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabrın əvvəllərində döyüşlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Mədətov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
Əhmədov Zamiq Çingiz oğlu
Zamiq Əhmədov 1987-ci il noyabrın 16-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Zamiq Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Zamiq Əhmədov sentyabrın 27-də Ağdam istiqamətində şəhid olub. Göyçay rayonunun Ləkçılpaq kəndində dəfn olunub.
Təltifləri
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
Ələkbərov Vüqar Telman oğlu
Vüqar Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001–2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010–2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Avtomobilin təmiri və servisi" üzrə təhsil alıb.
Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında Ucar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2014–2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət elədi. Hərbi xidməti zamanı fərqləndiyinə görə "baş əsgər" hərbi rütbəsi aldı.
Hərbi xidmətini başa vurduğdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam elədi. Həmin ilin fevral ayında isə xidmətini Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində davam elədi. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə "kiçik gizir" hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun Komandiri vəzifəsinə təyin edildi.
Vüqar Ələkbərov 2018-ci ildə "gizir" hərbi rütbəsi aldı və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edildi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar rayonunun Qazyan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.