14 Noyabr

Ümumdünya Diabet Günü, (1991)

Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-ın) və Beynəlxalq Diabet Federasiyasının (BDF-nın) tövsiyələrinə görəbu tarix Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr BMT günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. Qeyd etmək lazımdır ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün, yəni onun həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal psixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var.Hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeyd olunur. Güman olunur ki, 50 %-i öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı 182 min nəfərdən çoxdur. Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir.

Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilmişdir. Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılmışdır.Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir.

 

Bayramov Xəzər Azad oğlu

Xəzər Bayramov 14 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. Xəzər Bayramov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Tank heyətində xidmət edirdi.Azərbaycan Ordusunun əsgəri olan Xəzər Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xəzər Bayramov 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Ağcabədi rayonunun Qaravəlli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xəzər Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 

Nəcəfov Etibar Mehman oğlu

Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub. Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir.Aran kəndində Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbinə daxil olub və oradan 2016-cı ildə 11-ci sinifi bitirərək məzun olmuşdur. 2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib.

2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.

Təltifləri

"Vətən uğrunda" medalı (ölümündən sonra)

"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

"Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Salehov Orxan Fikrət oğlu

Orxan Salehov 1999-cu il noyabrın 14-də Şamaxı şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. Orxan Salehov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Salehov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Salehov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı şəhərində Yeddi Günbəz qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.